Sabirabad Rayon Gənclər İdarəsi

Sabirabadda İntelektual oyunların zona turu keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə artıq ikinci ildir ki, reallaşdırılan “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində noyabrın 25-də Aran rayonları üzrə Sabirabadda regional turnir keçirilib.

“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” mövzularında təşkil olunan yarışlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Kürdəmir rayonlarının hər birindən 18 gənc olmaqla, ümumilikdə, 162 gənc iştirak edib.

Sabirabad Gənclər Mərkəzində keçirilən birincilik Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Layihə çərçivəsində keçirilən intellektual yarışlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70 rayondan 1400 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev vurğulayıb ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazalarının genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Sonra yarışlara start verilib. Yekunda “Xəmsə” və “Nə? Harada? Nə zaman?” oyunları üzrə Saatlı, “Axtar tap” oyunu üzrə Kürdəmir, “Vətəni tanı” üzrə isə Sabirabad rayonlarının komandaları I yeri qazanıblar.

Sonda yarış iştirakçılarına sertifikatlar təqdim olunub.

Qalib komandalar “Azərbaycanın İntellektual Birincisi” layihəsinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

ILK-10 Azeri Website Directory