Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili treninqi keçirilib

Fevralın 22-də Sabirabad Gənclər Mərkəzində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-treninq keçirilib. Yuxarı sinif şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqində əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib. Daha sonra çıxış edən Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev bildirib ki, tədbirin keçirilməsində məqsəd gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaqdır. Gənclərin dini radikal qruplara qoşulma səbəbləri haqqında danışan N.Quliyev dini radikalizmə qarşı mübarizə metodları barədə məlumat verib. Qeyd edib ki, dini radikalizmə qarşı mübarizə və gənc nəslin dini radikal qruplara qoşulmasının qarşısını almaq üçün gənclərin düzgün dini bilgilərlə məlumatlandırılması mühümdür. O, bu baxımdan belə seminar-treninqin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Milli-mənəvi dəyərlərin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu olduğunu deyən sədrin birinci müavini müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin bu ümdə dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaratdığını qeyd edib. Gənclərə öz tövsiyələrini verən Səyyad Salahlı dini radikal qrupların zərərli təsirindən qorunmaq üçün onlara elm və təhsilə maraq göstərmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini məsləhət görüb. Sonra DQİDK-nın əməkdaşı Saleh Arslan çıxış edərək terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini qeyd edən sektor müdiri dini radikal qrupların təbliğat metodlarından danışıb. Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ILK-10 Azeri Website Directory