Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Beynəlxalq Gənclər Günü münasibətilə regional onlayn toplantı keçirilib

12 avqust - Beynəlxalq Gənclər Günüdür.

Bu münasibətlə Şirvan şəhər, Sabirabad, Saatlı, Hacıqabul, İmişli,Beyləqan və Neftçala rayon gənclər və idman idarələrinin təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn toplantı keçirilib.
Toplantını giriş sözü ilə Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev açaraq qeyd edib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Çıxış edənlərdən Sabirabad rayonundan Bakı Dövlət Universitetinin doktorantı Aygün İsmayılova, Şirvan şəhərindən Qamət Əliyev, Hacıqabul rayonundan Məhəmməd Quluzadə, Saatlı rayonundan Saatlı rayon Gənclər İnkişaf və Kariyera Mərkəzinin direktoru Gülnar Babaşova, İmişli rayonundan Ziya Rzayev, Beyləqan rayonundan İbrhim Məmmədli çıxış edərək, Neftçala rayonundan Xannənə Ağayeva qeyd etmişlər ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Gənclərin müasir dövrün tələb və çağırışlarına hazırlıqlı olmasını, ən müasir biliklərə yiyələnməsini, beynəlxalq aləmdə rəqabətə davamlı şəkildə yetişmələrini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə bu il fevralın 1-də keçirilən ölkə gənclərinin ümumrespublika toplantısında yeni dövrdə gənclərin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirib. Həmin toplantıda gənclərin ölkəmizin həyatında rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı bildirib: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Ölkə gənclərinin qarşıdakı dövrdə əsas vəzifələrinin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi olduğunu vurğulayan Prezident İlham Əliyev bu barədə deyib: “Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır”.
Sevindirici haldır ki, gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
Sonda Şirvan şəhərindən, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Beyləqan və Neftçala rayonlarından bir gənc yerli gənclər və idman idarələri tərəfindən 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə diplomla təltif olunamaları elan olundu.
 
 
 

ILK-10 Azeri Website Directory