Sabirabad Rayon Gənclər İdarəsi

Azərbaycanda region gənclərinin inkişafı üçün hər cür şərait yaradılıb

Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Sabirabad rayonunda Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin toplantısında bildirib. 

V.Quliyev cıxış edərək, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsiri barədə fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, Azərbaycan artıq dövlət müstəqilliyinin 25-ci ilini yenicə başa vurmuş, o qədər də böyük olmayan bu müddətdə bir çox inkişaf etmiş dövlətlərin keçdiyi yolu uğurla keçmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Ulu öndərimiz tərəfindən əsası qoyulmuş gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan, müasir düşüncəli gənc nəslin formalaşması, bu gəncliyin potensialından dövlətin inkişafı və qüdrətlənməsi naminə maksimum istifadə olunmasıdır. Müasir gənclik on beş il, iyirmi il əvvəlki Azərbaycan gəncliyindən köklü surətdə fərqlənir. Xarici görünüşündən, geyimindən tutmuş, daxili aləminə, düşüncə tərzinə qədər yeni gənc nəsil formalaşır. Bu gün Azərbaycan gəncləri istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir, sərbəst şəkildə fikir yürüdür, mövqelərini bildirir, cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilməyə çalışırlar. Azərbaycan gəncliyi bu gün ölkəmizin qazandığı uğurların müşahidəçisi deyil, bilavasitə iştirakçısıdır.
V.Quliyev əlavə etmişdir ki, son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Prezident yanında Gənclər Fondunun yaradılması, çoxlu sayda gənclər evlərinin inşası və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün gənclərin inkişafı üçün geniş imkanlar yaradan ən qabaqcıl ölkələr sırasındadır. 
O, region gənclərinin inkişafı üçün yaradılan şəraitə xüsusi diqqət yönəltmiş, şəhər və rayonlarda inşa edilmiş gənclər evlərinin, olimpiya idman komplekslərinin, habelə təhsil və mədəniyyət müəssisələrinin fəaliyyətindən söz açmışdır. Sonda gəncləri onlar üçün yaradılmış bütün imkanlardan səmərəli istifadə etməyə, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərməyə dəvət etmişdir.

ILK-10 Azeri Website Directory