Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 26-cı ili qeyd olunub

26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 26 illiyinə həsr edilmiş onlayn toplantı keçirilmişdir. 24 iyul 2020-ci il tarixdə Sabirabad və Nərimanov Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə 26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 26 illiyinə həsr edilmiş onlayn toplantı keçirilmişdir. Tədbirdə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Tovuz Rayon Gənclər və idman İdarəsinin rəisi Sahib Ələsgərov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin "Gənclərlə İş" şöbəsinin rəhbəri Ümidə Rəhimova və fəal gənclər iştirak etmişlər. Tədbirdə qeyd edildi ki, xalqımızın ulu öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyi yaradılıb. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir. İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir. Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. İndi ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar. Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mötəbər idman turnirindən qısa müddət sonra 2016-cı ildə ölkəmiz 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşmasına, eləcə də Formula 1 Qran-Prisinə ev sahibliyi etmişdir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Onlayn tədbirin sonunda mugam müsabiqələrinin QRAN-PRİ mükafatçısı, Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilmiş televiziya mugam müsabiqəsinin diplomantı, Rainessiance beynəlxalq etno musiqi müsabiqəsinin qalibi Murad Kəngərli vətənpərvər mahnılar ifa edərək tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.

ILK-10 Azeri Website Directory